Bu gün Həzrət Zeynəbin(s.ə) mövlud günüdür

18:35 - 2019/12/31

-Xanım Zeynəbin (s.ə) mövludu münasibətilə başda İmam Zaman (ə.f) olmaqla hər birinizi təbrik edirik

Allahın adı ilə

Xanım Zeynəb(s.ə) hicrətin 6-cı ilində, cəmadiül-əvvəl ayının 5-də Mədinə şəhərində Peyğəmbər (s) ailəsində, İmam Əli (ə) və Peyğəmbərin (s) can parəsi olan Xanım Fatimeyi Zəhranın (s.ə) evində  dünyaya göz açmışdır.

Zeynəb (s.ə) atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb (s.ə) adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda qeyd olunur ki, Zeynəbi-Kubranın (s.ə) təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə (s.ə) Əlidən (ə) istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.

Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə (s) çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin (s.ə) övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.

Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb (s.ə) qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi (s.ə) öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra (s.ə) kimidir.

Həzrət Zeynəb (s.ə) beş ilə qədər Peyğəmbərlə (s) bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir.

Bu beş il fürsət idi ki, Həzrət Zeynəb (s.ə) Peyğəmbərin (s) mübarək vücudundan səbr və dözüm hədisini yazsın. Peyğəmbər (s) xanım Zeynəbin (ə) həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin (s.ə) taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.

Zeynəb(ə) onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin (ə) yetişdirməsi və Zəhranın (s.ə) qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:

Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb (s.ə) onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:

"Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”

Peyğəmbər (s) Zeynəbin (s.ə) yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:

"Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən (ə) və Hüseyndir (ə) ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”

Zeynəb (s.ə) anası Fatimənin (s.ə) Peyğəmbər (s) məscidində Fədək və Əhli-beytin (ə) müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi.

O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad (l.ə) və Yezidin (l.ə) saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt (ə) vilayətini müdafiə etsin.

Zeynəb (s.ə) anasından sonra Əli (ə) kimi atanın tərbiyəsi sayəsində, Həsən (ə) və Hüseyn (ə) kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır.

Zeynəbin (sə.) Həsən (ə) və Hüseyndən (ə) kiçik olamasına baxmayaraq, Fatimə (s.ə) qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. necə ki, görəcəyik o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.

Bütün bu müsibətlərdə Zeynəbin (s.ə) şüarı Seyyidüş-şühəda  İmam Hüseynin şüarıdır ki, Kərbəlanın ağır müsibət dalğalarında dodaqaltı zümzümə edirdi:

«...Səbrən əla qəzaikə, la ilahə sivakə, ya ğiyasəl mustəğisin».

"Sənin qəza və qədərinə səbr edirəm, İlahi! Səndən başqa Allah yoxdur. Ey kömək istəyənlərin fəryadına çatan!”

Mənbə: Xanım Zeynəbin (s.ə) həyatı, səh-82.

  http://t.me//Vilayet_313

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.