Qurani Kərim və Allahın intiqamı

00:29 - 2018/04/24

Allahın intiqamı həm sağlam əqlin qəbul edəcəyi və həm də ilahi ədalət və hikmətin verdiyi hökmdür.

Bismillahir Rəhmanir Rəhim
Niyə Allah Təala bu qədər mehriban olduğu halda Qurani Kərimdə intiqam və əzabdan söz açır?
Birinci nöqtə: Əvvəla Allah Təala buyurub ki, mənim rəhmətim qəzəbimdən üstündür.(1) Lakin məntiqli bir dəlilə əsasən qeyd və şərtsiz mehribanlıq, qəbul edilməzdir. Buna görə də Qurani Kərimdə belə gəlmişdir:
"Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir!"(Maidə/98)
Bu ayəyə əsasən Allah Təala həm bağışlayan, həm də şiddətli əzab verəndir ki, bunların ikisi də hikmət əsasındadır. Yəni iman əhlinə və tövbəkarlara qarşı rəhimli, üsyankarlara və küfür əhlinə isə qəzəblidir. Belə ki, üyankarlar da belə onlara verilən bu cəzanın haqlı olmasını təsdiqləyəcəklər. Qurani Kərim bu haqda belə buyurur:
"Kafirlər cəhənnəm oduna göstəriləcəkləri gün (onlardan soruşulacaqdır): "Məgər bu (daddığınız əzab) doğru deyilmi?!" Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, doğrudur)!" - deyə cavab verəcəklər. (Allah) buyuracaqdır: "Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!"(Əhqaf/34)
Bu ayədən belə nəticə çıxardırıq ki, cəhənnən əhli belə bu cəzalanmanın məntiqli olmasını qəbul edəcəklər.
İkinci nöqtə: Əgər Allah Təala təkcə rəhmət sifətini biruzə versəydi və əzabdan və cəzalanmadan söhbət açmasaydı bu, bir çoxlarının sui istifadəsinə səbəb ola bilərdi. Allah Təala öz rəsuluna xitab edərək belə buyurur:
"(Ya Peyğəmbər) İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: "Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz sənin dəvətini qəbul edər (iman gətirər) və peyğəmbərlərə tabe olarıq!" deyərlər. (Onlara cavab verilər:) Bəs bundan öncə and içmirdiniz ki, bizim üçün heç bir həlakət və zaval yoxdur?!"(İbrahim/44)
Yəni kafirlər sinələrinə döyərək onların əzab olunmayacaqlarını düşünürdülər, halbuki Allahın xəbərdarlıq ayələri onlar haqqında gəlmişdi. Əgər Allahın qorxuducu ayələri olmasaydı bu onların ikiqat sui istifadəsinə zəmin yaradardı. Həmin surənin digər bir ayəsində Allah Təala belə buyurur:
"Onlar (bu dünyada) hiylə etdilər. Onların hiyləsi Allah dərgahında məlumdur (və buna görə də cəzalarını da alacaqlar)..."(İbrahim/46)
Onların bu dünyadakı hiylələrindən biri də öz mənfur hədəflərini və çirkin işlərini Allahın rəhmət sifəti ilə pərdələmək idi. Belə ki, onlar bu işlərinə görə cəzalanmayacaqlarını və ümumiyyətlə cəzalanmanın Allahın rəhmət sifəti ilə uyğun olmadığını irəli çəkərək özlərini sığortalayırdılar. Lakin yenilməz qüdrət sahibi Allah növbəti ayədə belə buyurur:
"(Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədəyə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət və intiqam sahibidir!"(İbrahim/47)
Sonda bunu da qeyd edək ki, Allahın intiqamı o kəslərə aiddir ki, Allah qarşısında təslim olmamış və hətta ona qarşı hiylə işlətməyə belə cürət eləmişlər. Digər bir tərəfdən də əgər Allah Təala zalımla məzlumun və saleh insanla günahkarın arasında fərq qoymasa, məzlumun qisasını zalımdan almasa ilahi ədalətin mənası olmazdı. Bu isə Allahın müqəddəs şənindən uzaqdır.

(1). Əl-kafi, Kuleyni, c1, səh.443.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.